Zəngəzur qədim Azərbaycan torpağıdır - Tarix İnstitutunun icraçı direktoru  

15:42 11.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur qədim Azərbaycan torpağıdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Qacarlar İranı ilə Çar Rusiyası arasında Azərbaycan torpaqları bölüşdürüldü. O cümlədən Zəngəzur - hansı ki, Qarabağın qərb hissəsini əhatə edirdi, o da Rusiya imperiyasının tərkibinə daxil oldu.

Bu fikirləri hafta.az Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, 1828-ci ildən ta 1988-ci illərə qədər dünyanın müxtəlif ölkələrindən, xüsusilə Avropa, Asiya, o cümlədən Çar Rusiyasına həmsərhəd olan ölkələrdən Qacarlar İranı və Osmanlı Türkiyə ərazisindən ermənilərin köçürülmə siyasəti həyata keçirilir:

"Təkcə XX əsrin əvvəllərinə baxsanız, rus çar məmuru Şevrovun verdiyi məşhur bir ifadə var ki, orada “1 milyon 300 min erməninin 1 milyonunu biz köçürmüşük”, -deyilir. Əslində, sovet hökumətinin hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirilib və bütün ərazi nəzarətə götürüldükdən sonra, təbii ki, Zəngəzur ərazisi də nəzarətə alınmalı idi. Məsələnin maraqlı tərəfi odur ki, cümhuriyyəti tanımayan Sovet Rusiyası gizli olaraq daşnak Ermənistanı ilə danışıqlar aparırdı. Daşnak Ermənistanı deyilən ölkə necə yaradılmışdı? 1918-ci il may ayının 29-da cümhuriyyəti yaradanların bağışlanılmaz səhvi nəticəsində İrəvan və onun ətrafında 9 min kvadrat-kilometr ərazi ermənilərə güzəştə gedilib. Bu məsələ Tarix İnstitutu tərəfindən tədqiq olunub. Acı həqiqət olsa da, bu reallıqdır. O güzəşt Azərbaycan xalqına çox baha başa gəldi. Məsələ ondadır ki, 9 min kilometr ərazi güzəştə gediləndən sonra bu danışıqlar zamanı cümhuriyyət dövrünün dövlət xadimlərinin çıxışlarında və arxiv sənədlərində öz əksini tapıb.
Məsələ bundadır ki, ermənilər 1918-ci il mayın 13-dən iyunun 4-nə qədər aparılan danışıqlar zamanı Qarabağdan və Naxçıvandan imtina etdiklərini bəyan ediblər. Ermənilər özləri müstəqil millət, yaxud xalq olaraq belə bir iddiaları nəyin əsasında irəli sürürdülər? Onu qeyd edə bilərəm ki, ermənilər müstəqil olaraq hərəkət etmirdilər. Bu, İngiltərə, ABŞ, Fransa və gizli olaraq Almaniya tərəfindən diqtə olunurdu. O məsələlərin ictimaiyyətə çatdırılması, çox təəssüflər olsun ki, bizim imkanlarımız daxilində olmadığı üçün çoxları indiyə qədər bundan məlumatsızdır. İndi yaxşı haldır ki, bu məsələlər dövlət başçısı tərəfindən öz əksini tapır".